Vahid Çəmənli - Hər şey yaxşıya doğru
- Название:Hər şey yaxşıya doğru
- Автор:
- Жанр:
- Издательство:Литагент Ридеро
- Год:неизвестен
- ISBN:9785448527531
- Рейтинг:
- Избранное:Добавить в избранное
-
Отзывы:
-
Ваша оценка:
Vahid Çəmənli - Hər şey yaxşıya doğru краткое содержание
Hər şey yaxşıya doğru - читать онлайн бесплатно ознакомительный отрывок
Интервал:
Закладка:
Gecələrin nəğməsi
Mənə necə tanışdır.
Xan çinarın bu gecə
Təzə nağıl danışır.
Qızılgül qönçələnib
Budağında alışır.
Qonşuda toy çalınır,
İki aşıq yarışır,
Sən yadıma düşürsən.
Başımı sığallayıb
Qonşu bir noğul verdi,
Qonşu hardan biləydi,
Nədi körpənin dərdi?
Qonşu qonşu olsaydı,
Göz yaşımı silərdi.
Qonşu bir noğul verdi,
Atam bir cib verərdi —
Sən yadıma düşürsən.
Ay işığı tükənib,
Sanki süzgəcdən axır.
Sanki ay da utanır,
Mənə kənardan baxır.
Oynamağa səbrim yox,
Bu gün gözlərim gülmür.
Gəlib könül almaqda
Ay da bir məna görmür,
Sən yadıma düşürsən.
Kim düzsün ümidləri
Yoluma düzüm-düzüm,
Sənsizliyə dözməyə
Qalmayıb məndə dözüm.
Bacıma nişan gəlir,
Ata oluram özüm,
Mən səni hardan tapım?
Mən səni harda gəzim?
Sən yadıma düşürsən,
Sən yadıma düşürsən…

Əlvida, dostum Yusif Məmmədov

Bu gün çox acı bir xəbər eşitdim. Əvvəlcə inanmadım. Sənə zəng elədim. Telefonun çağırdığını eşidəndə bir azca ürəkləndim. Bax, indi telefonu qaldıracaqsan, həmişəki kimi «Hə, Vahid» -deyəcəksən. Sənin təmkinli səsini eşidib, gülə-gülə, -sənin haqqında danışılan xəbərdən xəbərin varmı, -deyə soracağam. Sonra da deyəcəm ki, narahat olma, uzun yaşayacaqsan. Amma heç kim telefonu qaldırmadı. Bir neçə dəfə zəng elədim. Uzuz-uzadı cavabsız çağrılar məni nigaran etdi. Axı sən belə iş tutmazdın. Əllərim əsə-əsə mesaj yazdım: -Hacı, necəsiniz?
Yenə üzücü sükut. Sonra cavab mesajı: -Vahid dayı, mənəm, Zərifədi. Atam rəhmətə gedib. Desəydilər Kür çayı geri axar, inanardım. Desəydilər səmadakı bütün ulduzlar yerə tökülər, yer göylərə çıxar, inanardım. Desəydilər okeanların suyu quruyar, yenə inanardım. Bircə sənin ölümünə inanmazdım. Sən, -bütün həyatı boyu sağlam həyat tərzi sürən, heç vaxt səhhətindən zərrə qədər də olsa şikayətlənməyən Yusıf Məmmədov, -necə ölə bilərsən axı…
Sən demə Allahın öz qanunları varmış, sən demə yüz ildə bir dəfə ağac da atəş açarmış, sən demə milyon ildə bir dəfə Tanrı sap-sağlam, qocaman bir palıd ağacını da qurudarmış. Sən demə…

Sevimli nəvələrin ilə
Bu yazını sənin dəfn mərasimindən sonra yazıram. Səninlə həyatın yollarında birgə addımladığımız son 29 il bir sinema lenti kimi gözlərimin önündən keçib gedir. İlk tanışlığımız, sonra birgə işlədiyimiz, sonra ayrı-ayrı yerlərdə işləsək də, tez-tez görüşdüyümüz xoşbəxt çağlar, Kəbə-Məkkə yollarına birgə çıxdığımız günlər, gecə Mina dağında bir odeyala büründüyümüz gecələr, Həcəri-Əsvədi öpərkən bir ayaq üstündə qaldığım zaman son anda mənə doğru uzanan əllərin, qurban kəsib sonuncu tikəsini uşaq evlərinə göndərməyin, -hamısı, hamısı qəlbimdə həm şirin, həm da ağrılı bir xatirəyə çevridi. Sənə həmişə zarafatla 301-ci spartanlı deyirdim. Həyat tərzin əsil spartanlıların həyat tərzi kimi idi. Heç vaxt özünü əzizləməzdin, heç vaxt tənbəllik eləməzdin. İstər qar, istər yağış, istər tufan, -heç nə səni səhər saat 7-00-da səhər idmanından saxlaya bilməzdi. Bu idman ən azı iki saat çəkərdi. Bu iki saat ərzində bir dəfə də olsun şikayətlənməzdin, yoruldum deməzdin. Hətta 64 yaşında da daş kimi əzələlərini görənlərheyran qalardı. Sənə Tanrı çox yumşaq qəlb vermişdi. Hər hansı bir xoş xəbər eşidəndə gözlərin yaşarardı, üzünü yana çevirib, isti göz yaşlarını silərdın. Amma uşaq evlərində atasız uşaqlara yardım edəndə, sənə həsrətlə baxan uşaqlara tərəf çevrilməzdin. Bir dəfə səbəbini soruşanda dedin ki, çörək vermək ayrıdı, ümid vermək ayrı. Mən onlarıa çörək verə bilərəm, amma ümid verə bilmərəm. Onların onsuz da yaralı olan qəlblərinə daha bir yaramı vurum? İnanırsınız, bu məni qane etdi.
Sən çox gözəl təşkilatçı idin. Ülvi müəllimlə birgə rəhbərlik etdiyiniz Karate fedarasiyasının qazandığı uğurlardan gecə-gündüz danışsaq, qurtarmaz. Hələ gənc yaşlarından bu fedarasiyada söz sahibi idin. Sənin şərəfinə neçə dəfə Azərbaycan bayrağı qaldırıldı, neçə dəfə zəfər himnimiz səsləndi. 7-ci dan qara kəmər sahibi idin. Bu, yüz milyonlarla insanlardan yalnız birinə nəsib olur. Son zamanlar yarışılara hakimlik edirdin. Bu sahədə də uğurun ən yüksək pilləsinə qalxdın. Beynəlxalq dərəcəli hakim idin. Hamı səni ən oyektiv hakim kimi tanıyır, verdiyin qərarla razılaşırdılar. Sənin ədalətli hakimliyin də, idman zəfərlərin kimi Azərbaycan idmanına böyük şöhrət gətirirdi. Əllərindən tutub, idmanın sirrlərini öyrətdiyin gənclər öz əzmkarlığı ilə hamıdan seçilirdi. IV İslam Oyunlarında zəfər qazanan karateçi idmançılarımızın arasında sənin də layıqli payın var. Bu gün səninlə vidalaşdıq. Yaşadığın evdən Qurd qapısınacan uzanan qəm karvanına baxdıqca, kövrəlirdim. İnana bilmirdim… İnana bilmirdim ki, sən həyatda yoxsan. Məni ən çox ağrıdan amillərdən biri də canın qədər sevdiyin oğlun Emilin Bakıda olmaması idi. Bəli, bu məni ağrıdırdı. Ata oğul çiynində getməlidir. Təəssüf ki, Emil bu şərəfli yükə, bu qəm yükünə öz çiyinlərini verə bilmədi. Bu, məni hələ çox ağrıdacaq.

İnanmaq olmur ki, bu sənin üzündəki son təbəssümdür!
Son zamanlar özünə ev tikirdin. Amma taleyin qismətii başqa imiş. O, sənə soyuq, dar məzar hazırlayırmış. Eybi yox, canın qədər sevdiyin vətən torpağıdır.
Əlvida, əziz dostum Yusif Məmmədov! Rahat uyu, Cənabi-Haqq son mənzilini nurla doldursun.
P.S. Deməyə bilmərəm. Sənin ölüm xəbərini yayan KİV-nin qərəzli yazılarını həzm edə bilmirəm. Doğrudur, sən IV İslam oyunlarındaki qələbəni restoranda qeyd edərkən dünyanı dəyişmisən. Amma, məlumatı yayanlar, onu oxuyan insanlarda belə bir fikir formalaşırdılar ki, guya sən kef məclisində yeyib-içəndən sonra bu hadisə baş verib. Bu cür söz dəllalarına demək istəyirəm ki, sən yüksək intizama malik bir idmançı idin. Heç vaxt siqaret çəkməzdin, spirtli içkilər qəbul eləməzdin. Belə məlumat yaymaq istəyənləri də öz vicdanı ilə baş-başa qoyuram Bakı 25 may 2017-ci ilDəli Çəmənli haqqında ballada
Qarabağın qucağında,
Allı – güllü, Ən laləli,
Ən sünbüllü, Ən bülbüllü bucağında.
Bir kənd vardır,
Çəmənlidir onun adı.
Çəmənlimdir!
Şehə batmış çəmənimdir!
Ürəyimdir!
Dirəyimdir!
Çörəyimdir!
Əbədilik gərəyimdir!
Əbədilik verib mənə
Ulu Tanrı bu diyarı.
Neçə – neçə igidlərin yadigarı…
O sarsılmaz igidlərdən
İlham alıb bu gün mən də,
Böyük dastan yaratsaydım Çəmənlimdən…
Qarabağım, qəm otağım,
Qəza – qədər öz ortağım.
Tale yüklü arzulara
Həsrət qalan
bir yatağım.
Sakit – sakit keçib gedir
Bu zamanın gərdişində neçə insan.
Sənsə belə şax qalmısan,
Şux qalmısan.
Tarixlərdə adın qalıb «Dəli» kimi
Bir vüqarlı
Dəli ömrü yaşamısan.
Dəlidağ tək,
Dəli Kür tək ad almısan.
Sarsıdarmı səni fələk.
Dəli kimi tarixlərdə qalar aldın
Dəli Həsən,
Dəli Domrul,
Dəli Becan,
Tarixlərin neçə – neçə Dəlisi tək,
Bu gün məni bağışlasın
At oynadan babalarım,
Niyə mən də olmamışam
Bəs onların birisi tək…
Deyirlər ki, bir zamanlar
Bir qəddar şah
diş qıcıyıb bu torpağa.
Ürəyindən Qarabağda
Talan qurmaq gəlib keçib.
Qoşun yığıb,
Hücum çəkib.
Od vuraraq
neçə – neçə tarlasına
Gəlib çıxıb
Qədib Şuşa qalasına
Cuşə gəlib hayqırıbdır:
«Eheey!
Hanı bu torpağın kişiləri?
Mən gəlmişəm bu dağları,
Dərələri oylaq edəm.
Aran məni yandıranda
Bu yerləri yaylaq edəm.
Mən gəlmişəm
Sizdən baci – xərac alam.
Qılıncımın qəbzəsinə
Rəvac alam.
Güc məndədir,
Qüvvət məndə.
Elm, helm, qüdrət məndə.
Atdan düşün,
Qılıncımın altdan keçin,
Sonra rahat əkin, biçin.»
Qəribədir!
Diş qıcıyır hamı bura.
Hamı salır vurhavura.
Anlamırlar,
Bura elə bir diyardır,
Quş uçarsa qanad salar,
Qatır gəlsə dırnaq salar.
Bir kimsənin torpağına
Dikməsək də göz heç zaman,
Bizlərə xor baxan gözün
Didəsinə od salarıq. Biz özümüz
Torpağından bac alarıq!
Qala xanı məşvərətə adam yığdı:
– Balam bu şah at oynadır
Deyir baba,
Burda mənəm
Bağdadda da kor xəlifə.
İstəyirəm
Sahib çıxam hər tərəfə.
Anlatmışam neçə dəfə
– Bu fikirdən daşın bala!
Yığsam əgər
mən dövrəmə qoşun, bala
Başsız qalar
Bu qalada başın, bala.
Nə yazıq ki, bunu qanmır.
«Dava» deyir heç utanmır.
Bu gün gərək xəbər gedə
Hər obaya,
Hər yaylağa,
hər çadıra
Dəliləri yığaq bura.
Əfətlidən Əkbər gəlsin.
Mahrızlıdan Qəmbər gəlsin.
Üçoğlana salın nəzər,
Dəli Həsən harda gəzər?
Hər kənddən bir Dəli gəlsin.
Kəngərlidən Vəli gəlsin.
Ovşarlardan görün kim var?
Lənbərandan Dəli Qafar.
Göytəpədən Dəli Cabbar.
Qiyaslıdan vuran – tutan Dəli Aslan.
Unutma bax,
Qərvənd,
Xaçın,
Xındırıstan.
Dəli Əhməd,
Dəli Məmməd,
Dəli Qurban!
Quzanlıdan Dəli İmran.
Mərzilidən Dəli Yaqub,
Dəli Soltan Gülablıdan.
Xıdırlıda ayaq saxla
Dəli Rzanı bura yolla…
Tez yəhərlə köhlən atı,
Hə, igidim duma, atlan,
Tez bura yığ camaatı.
– Ay xan, ay xan…
Heç demədin Çəmənlidən?
Çəmənlidən kimi bura
Çağırım mən.
– Çəmənlidən?..
Çəmənlidən hansı Dəli
qənşərinə çıxsa əgər
Bura göndər!
…O zamandan keçib illər.
Интервал:
Закладка: